( 20 Zilhiccə1442 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:28 07:52 12:54 18:15 00:21
İmam Rzanın (ə) Şəban ayının son günləri üçün tövsiyəsi

İmam Rzanın (ə) Şəban ayının son günləri üçün tövsiyəsi

Mübarək ŞƏBAN ayının son 3 gününü oruc tutmağın savabı barədə şiələrin 8-ci məsum İlahi rəhbəri həzrət imam Rza (ə) buyurur:
“Şəban ayının ilk gününü oruc tutana rəhmət vacib olar. Şəban ayında iki gün oruc tutana qiyamət günü Allah-Taalanın rəhmət, məğfirət və kəraməti vacib olar.

Hər kəs Ramazan ayının orucunu tutarsa, Allahın rəhməti ona vacib olar.

Hər kəs Şəban ayının son üç gününü oruc tutaraq Ramazan ayının orucuna birləşdirərsə, Allah-Taala ona iki ay ardıcıl orucun savabını yazar.

Hər kəs Ramazan ayında imanla, Allahın əmrini təsdiq edərək, əmr olunduğu işi yerinə yetirmək, Allahın razılığını və vədə verilmiş savabın qazanılması üçün (nəfsinin vəsvəsələri qarşısında səbir edib) oruc tutarsa, anadan yeni doğulmuş kimi günahlardan paklanar.”
Sonra imam Rza (ə) buyurdu:
Atam mənə öz babaları vasitəsilə hədis etdi ki, Allahın Rəsulu (s) buyurmuşdur:
"Hər kəs Ramazan ayını dərk edərsə, amma günahları bağışlanmazsa – (yəni günahlarının bağışlanması üçün çalışmazsa), Allah onu Özündən uzaqlaşdırar.
Hər kəs “Qədr” gecəsini dərk edərsə və günahları bağışlanmazsa, Allah onu Özündən uzaqlaşdırar.
Hər kəs “Cümə” gününü (və ya müsəlmanlarla birlikdə camaat namazı qılmağı) dərk edərsə və günahları bağışlanmazsa, Allah onu özündən uzaqlaşdırar.
Hər kəs valideynini və ya onlardan birinin həyatını dərk edərsə və günahları bağışlanmazsa (yəni onlara xidmət etmək vasitəsilə günahlarının bağışlanması üçün çalışmazsa), Allah onu Özündən uzaqlaşdırar.
Hər kəsin yanında mənim adım keçərsə və o da mənə salavat gönrərəsə və günahları bağışlanmazsa, Allah onu özündən uzaqlaşdırar.”
Dedilər: “Ey Allahın Rəsulu! Bu necə olur ki, bir kəs sənin adın gələndə sənə salavat göndərir, amma günahları bağışlanmır?”
Peyğəmbər (s) buyurdu: “Hər kəs mənə salavat göndərərkən övladlarıma da salavat göndərməzsə, bu salavat onun üzünə çırpılar (yəni “Əllahummə səlli əla Muhəmməd” dedikdən sonra, “və ali-Muhəmməd” deməzsə, bu salavat qəbul olunmaz). Amma mənə və övladlarıma birlikdə salavat (Əllahummə səlli əla Muhəmməd və ali Muhəmməd) deyərsə, Allah-Taala onun günahlarını bağışlayar.”
Mənbə: “Fəzailu əşhuris-səlasə”, Şeyx Səduq – Əbu Cəfər Məhəmməd ibn Babəvəyh Qummi (306-381 h.q), “Fəzailu şəhri-Şəban” bölümü, hədis 31.

İmam Rza (ə) Əbüssəltə buyurdu: "Şəban ayının çox hissəsi geridə qaldı.
Bu ayın geridə qalan günlərindəki səhlənkarlıqları onun qalan günlərində yerinə yetirəcəyin yaxşı əməllərlə aradan qaldır və bu günlərdən daha çox bəhrələn:
1. Çoxlu dua və istiğfar et, Quran oxu;
2. Günahlarından tövbə et ki, Ramazan ayında özünü Allah üçün xalis etmiş olasan;
3. Kiminsə əmanət və haqqı boynunda qalmasın;
4. Əgər möminlərdən kiməsə kin saxlayırsansa, onu qəlbindən çıxart;
5. Təqvalı ol və keçmiş pis işlərindən çəkin;
6. Aşkar və gizli işlərində Allaha təvəkkül et;
7. Bu duanı təkrar-təkrar oxu:

اَللّهُمَّ اِنْ لَمْ تَكُنْ غَفَرْتَ لَنا فيما مَضى‏ مِنْ شَعْبانَ، فَاغْفِرْ لَنا فيما بَقِىَ مِنْهُ

Əllahummə illəm təkun ğəfərtə lənə fimə məzə min Şə`bən, fəğfir lənə fimə bəqiyə minhu.

"İlahi, əgər Şəban ayının keçən günlərində bizi bağışlamayıbsansa, onda, qalan günlərində bizi bağışla!" ("Uyunul-Əxbar ər-Rza (ə)", c.2, s.51).