( 1 Şəvval1441 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:28 07:52 12:54 18:15 00:21
Quranla ünsiyyət

Quranla ünsiyyət

 Qurani-Kərim ayələri və məsum imamların (ə) kəlamında Qurani-Kərimin həqiqəti nur, şəfa, haqq, rəhmət, hidayət, furqan (haqqı batildən ayıran) kimi xüsusiyyətlərlə vəsf olunur, bütün fəzilət və gözəllikləri özündə ehtiva edən bir kitab kimi təqdim olunur. Quranla ünsiyyət insana nur, hidayət, rəhmət və şəfa bəxş edir.


Allah-Taala onu bütün təbəqələrdən olan insanlar üçün nazil etmişdir. Onun spesifik xüsusiyyətləri vardır. Heç bir kitab 604 səhifədən ibarət olan Qurani-Kərim kimi insanlar tərəfindən əzbərlənib sinələrdə saxlanılmamışdır. Allah-Taala onun oxunmasını və əzbərlənməsini hamı üçün asanlaşdırmışdır. Qurani-Kərimin “Qəmər” surəsində bu mövzuya dörd yerdə təkidlə işarə olunmuşdur.

  وَلَقَد يَسَّرنَا القُرانَ فَهَل مِن مُدَّكِر

 
"ْHəqiqətən, Biz Quranı öyüd və ibrət olması üçün asan və anlaşılan etdik. Amma heç bir ibrət götürən varmı?"
 
Yəni hər kəs bu Quranı oxuyub, onunla ünsiyyət yarada bilər. Hətta gözləri görməyənlər də onu əzbərləyə bilir, onun vasitəsilə maddi və mənəvi faydalar əldə edirlər.
 
Quran kərimdir - hər kəs onunla ünsiyyətdə olarsa, niyyətinə görə ona istədiyini verəcəkdir. Hər hansı bir istəyi olsa, istər maddi, istərsə də mənəvi, ona yetəcəkdir. Əlbəttə, bu məsələ onun Quranla ünsiyyətdəki niyyətindən aslıdır. “Vaqiə” surəsinin 82-ci ayəsində onu təkzib edənlərin də ruzi əldə etdiklərinə işarə olunmuşdur:

 

وَتَجعَلُونَ رِزقَكُم أَنَّكُم تُكَذِّبُونَ

 "Onu təkzib etməyinizi ruziniz (ondan olan ruziniz və həmin ruzinin şükrü) edirsiniz?"


Lakin “İsra” surəsinin 82-ci ayəsində mənəvi cəhətdən möminlər üçün şəfa və rəhmət, kafirlər üçün isə ziyandan başqa bir şey olmadığı vurğulanır:


 وَ نُنَزِّلُ مِن القُرآنِ مَا هُوَ شِفَاءٌ وَ رَحمَةٌ لِلمُؤمِنِينَ وَ لاَ يَزيدُ الظَّالِمِينَ إِلاَّ خَسَاراً
 

"Biz, Qurandan möminlər üçün (mənəvi və ictimai xəstəliklərə) şəfa və rəhmət olan şeyi nazil edirik və o, zalımlara (ruhi və ictimai) ziyandan başqa bir şey artırmır."


 Allah-Taala digər surədə Qurani-Kərimi təkcə möminlər üçün deyil, bütün bəşəriyyətə nazil etdiyini buyurur. "Müddəssir" surəsinin 31-ci ayəsində bu kitabı insan haqları kitabı kimi təqdim edir:


 ذِكرَى لِلْبَشَر

 "Bu (Quran ayələri) bəşər üçün yalnız bir xatırlatma (öyüd-nəsihət) vasitəsidir."


“İsra” surəsinin 9-cu ayəsində isə Quranın insanların dünya və axirət səadətinə yetməsi və hidayəti üçün nazil olunduğunu bəyan edərək buyurur:


إِنّ هَذَا القُرآنَ يَهدِى لِلَّتِي هَيَ أَقوَم...

"Həqiqətən, bu Quran (insan cəmiyyətini) ən möhkəm və sabit yola, dinə hidayət edir və həmişə yaxşı işlər görən möminlərə, onlar üçün (dünya və axirətdə) böyük bir mükafat olması müjdəsini verir."


 Qurani-Kərimin bir çox ayələri insanları onunla ünsiyyətə dəvət edir. İnsanın bir şeylə ünsiyyətdə olmasının mənası budur ki, oununla ünsiyyətdə olmaqdan qorxusu və iztirabı yoxdur. Daim onunla rahatlıq tapır. Kamilliyə doğru hərəkət edən şəxs maddi şeylərlə ünsiyyətdə olmaqla kifayətlənmir. Buna görə də, daha üstün hədəfə -  mənəvi dəyərlərə doğru hərəkət edir, beləcə, qorxu və vəhşəti özündən uzaqlaşdırır. Necə ki, Allah-Taala “Rəd” surəsinin 28-ci ayəsində qəlblərin aramlığını Öz zikrində və xatırlanmasında bilir:


أَلَا بِذِكراللَّهِ تَطمَئِنُّ القُلُوب
 

"Bilin! Qəlblər yalnız Allahı yad etməklə rahatlıq tapır."
 

Allah-Taala Quranla ünsiyyətin yollarını bir neçə mərhələdə bəyan edərək, bizlərə belə göstəriş verir:


1. Əziz İslam Peyğəmbərinə (s) nazil olan ilk ayəyə nəzər saldıqda, bu ayənin "Oxu!" kəlməsilə başladığını görürük. “Ələq” surəsinin 1-ci ayəsində buyurulur:


 إِقرَء بِاسمِ رَبِّكَ الَّذِى خَلَق

"Oxu! Yaradan Rəbbinin adı ilə."

2. “Müzzəmmil” surəsinin 20-ci ayəsində insanların bacardığı qədər Quranı oxumasına göstəriş verilir:


 فَاقرَءُوا مَا تَيَسَّرَ مِنَ القُرآنَ

"Bacardığınız qədər Qurandan oxuyun!"


3. Ayələrin mənasına diqqət edib, onların hökmlərinə əməl etmək həm Quranla ünsiyyətin nəticəsi, həm də kamil qiraət hesab olunur. “Qiyamət” surəsinin 18-ci ayəsində Peyğəmbərə (s) belə buyurulur:


فَإِذَا قَرَاْنَاهُ فَاتَّبِع قُراَنَهُ

"Onu oxuduğumuz zaman onun oxunuşuna tabe ol!"


4. Allah-Taala “Əraf” surəsinin 204-cü ayəsində Quranla ünsiyyətin ən son mərhələsinə işarə edir və "Quranı qiraət etməsəniz də, ən azı dinləyin" deyə göstəriş verir. Yəni Quranı dinlədiyiniz zaman da onunla ünsiyyət qura bilərsiniz.


 وَ إِذَا قُرِئَ القُرآنُ فَاستَمِعُوا لَهُ وَ أَنصِتُوا لَعَلَّکُم تُرحَمُونَ

"Quran oxunan zaman ona qulaq asın və susun ki, rəhm olunasınız."


Qeyd etdiyimiz ayələrdə birbaşa Quranı oxuyub, onunla ünsiyyətdə olmağa göstəriş verilir. Allah-Taala digər ayələrdə isə başqa ibarələrlə də Quranı tilavət etməyə göstəriş vermişdir.


Quranla ünsiyyət məsum imamların (ə) nurani kəlamlarında da ən çox tövsiyə olunan əməllərdəndir. Bu əməldə ən gözəl nümunə əziz Peyğəmbərimizin (s) özüdür. “Nəml” surəsinin 92-ci ayəsində buyurur:


 وَأن أتلُوَ القُرآنَ

"(Mənə buyurulmuşdur ki,) bu Quranı oxuyam." 


İmam Sadiq (ə) bu haqda  gözəl və aydın bir hədisdə belə buyurur: "Hər kim Quranı gənc ikən, mömin olduğu halda oxuyarsa, Quranın ruhu (və həqiqəti) onun əti və qanına qarışar, Allah-Taala onu özünün haqq elçiləri və əməlləri yazan mələkləri ilə bir yerdə qərar verər." ( Əl-kafi, c.2, səh.603.)


 Digər bir rəvayətdə İmam Kazım (ə) bir şəxsə belə buyurur:


أتحب البقاء فى الدنيا
 

"Dünyada əbədi qalmaq istəyirsənmi?"


Həmin şəxs imamət məktəbinin yetirməsi olduğu üçün İmama (ə) belə cavab verir: "Bəli, qalmaq istəyirəm."


 İmam (ə) buyurur: "Niyə qalmaq istəyirsən?"


 Ərz edir: "Ona görə qalmaq istəyirəm ki, ən çox sevdiyim "Qul huvəllahu əhəd" surəsini oxuyam."


 İmam Kazım (ə) bir an sükutdan sonra belə buyurur: "Ey Həfs! Bizim dostlarımızdan və şiələrimizdən olan hər bir kəs dünyadan köçərkən Quranı yaxşı öyrənə bilməsə, Bərzəx aləmində ona Quranı öyrədərlər  (çünki onun həqiqətinə inanırdı). Bununla Allah-Taala onun məqam və dərəcəsini ucaldar. Çünki Quranın dərəcə və mərtəbələri onun ayələrinin sayı qədərdir." Quran qarisinə deyilər: "Oxu və yüksəl!" O da oxuyar və yüksələr.


 Bərzəx aləmində hansısa əməli yerinə yetirib təkamülə yetmək mümkün olmayacaqdır. Yəni hansısa vacib və müstəhəb əməli yerinə yetirib, o əməlin kamal həddinə yetmək mümkün deyil. Amma elmi cəhətdən təkamül mümkündür. Buna yuxunu misal göstərmək olar ki, ruha yuxu halında bəzi şeylər məlum olur. Bu növ agahlıq və bilik insanın ayıq və bədəninin hərəkətdə olduğu vaxt mümkün olmur. Bir çox elm və mərifətlər orada insanlara məlum və aşkar olacaqdır. Çünki Behiştin dərəcə və mərtəbələri Qurani-Kərimin nurani ayələrinin sayı qədərdir. Şiələrin dərəcələrinin yüksəldilməsi üçün, onlar ilk növbədə Quran təlimindən bəhrələnəcəklər. Sonra "oxu və yüksəl" ifadəsi ilə Quran oxuyacaqlar. Behiştdə məqam və mərtəbənin ucalması axirət aləmində Quran qiraətinə görə deyil. Çünki Bərzəx aləmində əməl baxımından mükəlləf olaraq mükafat almaq mümkün deyil. Əslində, Behişt əhlinin bu yüksəlişi onların dünyada Quranla olan (ünsiyyətlərinin)  təzahürüdür.


 Həfs deyir: "Xof və rəcada (qorxu və ümid məqamına sahib olmaqda) İmam Kazım (ə) kimi bir kəsi görmədim. Onun Quran qiraəti hüznlə dolu idi. Sanki kiminləsə danışırdı." (Şiənin hədislər toplusu, c.15, səh.15.)


Bu xususiyyət təfəkkürlə birgə tilavətdir ki, qari özünü bəzən Allaha xitab edən, bəzən də xitab olunan şəxs kimi görür. ("Təsnim təfsiri", c.1, səh.244-247.)
 

Son söz:


Qeyd edilən ayə və rəvayətlərdən belə qənaətə gəlmək olar ki, Qurani-Kərimlə ünsiyyət onun ayələrini diqqətlə oxumaq, mənası haqda düşünmək və hökmlərini gündəlik həyatımızda icra etməklə mümkündür. Hər bir şəxs Quranla bağlı niyyəti qədərində ondan bəhrələnə bilər. Quranı sadəcə məhdud zamanlarda oxumaq və ya evdə taxçanın üzərində saxlamaqla bu ünsiyyət hasil olmaz. Çünki Allah-Taala "hər bir halda bacardığınız qədər Qurandan oxuyun" - deyə göstəriş vermişdir. Çünki bu kitabı bəşəriyyətin səadət və qurtuluşu üçün nazil etmişdir. Hamını bir nöqtəyə dəvət etmək və ixtilafları aradan qaldırmaq Quranın ən əsas hədəflərindəndir. Bir sözlə, Quranla ünsiyyət bizi bu hədəflərə çatdırmaq üçün ən gözəl vasitədir.

Hazırladı: Hacı Anar Məmmədov